Bakı. Trend:
Təxminən 60 min nəfər ABŞ-ın Vaşinqton ştatının Spokan
dairəsində baş verən meşə yanğınları səbəbindən evlərini tərk etmək
məcburiyyətində qalıb. Alov artıq azı 600 tikilini məhv edib.
Bu barədə “Associated Press (AP)” agentliyi məlumat yayıb.
Məlumata əsasən, ştatın ikinci ən böyük şəhəri olan Spokan
ətrafında yayılan yanğın həftəsonu ərzində 21 kvadratkilometr
ərazini əhatə edib.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, o, ABŞ
Prezidenti Donald Trampla ştatdakı vəziyyəti müzakirə edib və təbii
fəlakətlə mübarizədə federal hakimiyyətdən dəstək istəyib.
“Bir neçə dəqiqə əvvəl Prezident Tramp və daxili təhlükəsizlik
naziri Markueyn Mallinlə danışdım. Spokan və ümumilikdə ştatda
yaranmış ağır və dağıdıcı vəziyyəti ətraflı izah etdim. Prezident
vəziyyət barədə məlumatlıdır və Vaşinqton ştatının sakinlərinin bu
çətin dövrdə üzləşdiyi vəziyyətdən narahatlığını ifadə etdi.
Federal yardımın artırılması ilə bağlı əlavə müraciətlər üzərində
birgə işləyəcəyik”, – Ferqyuson X sosial şəbəkəsində yazıb.

