
Bakı. Trend:
Azərbaycan Hava Yolları İstanbul və Tbilisi istiqamətlərində
uçuş proqramını genişləndirib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.
Belə ki, bu istiqamətlərə tələbatın çox olduğu nəzərə alınaraq,
4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu
üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2-30 avqust tarixləri
arasında isə Bakı – Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı
42-dən 46-ya çatdırılıb.
Əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı,
səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin
genişlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını
mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun
şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut
şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət
keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi
tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat
səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az
saytından, AZAL mobil tətbiqindən,
həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş
agentliklərdən əldə etmək mümkündür.

