Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər nümayiş etdirir – Japarov

Baş səhifə

Çolpon-Ata. Trend:

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli
nailiyyətlər əldə edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstan
Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti
İlham Əliyevlə keçirilən görüşdə deyib.

“Qırğızıstanda sizi qardaş Azərbaycan xalqının lideri və qırğız
xalqının əziz dostu kimi yüksək qiymətləndirirlər. Sizin
rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada
mövqelərini daha da möhkəmləndirir, regionda sülhün və sabitliyin
təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkəniz təsirli
nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl
şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə
edir”, – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti vurğulayıb ki, müasir Azərbaycanın
uğurları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
qoyduğu möhkəm təməl üzərində qurulub.

“Bu quruculuq yolu bu gün də davam edir. Siz ölkənin davamlı
inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə
rolunu daha da gücləndirirsiniz. Qırğızıstan və Azərbaycan ortaq
tarixi köklərə və mənəvi yaxınlığa malikdir. Bu dəyərlər hər iki
xalqın zəngin mədəni irsində də öz əksini tapır. Böyük Azərbaycan
şairi Nizami Gəncəvinin müdrik sözləri ilə desək, qazanılan hər bir
dost Tanrının bəxş etdiyi nemətdir. Xüsusi qürur hissi ilə qeyd
etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı
dost tapıb. Prezident İlham Əliyev, sizin səfəriniz
qırğız-Azərbaycan münasibətlərinin xüsusi xarakter daşıdığını bir
daha təsdiqləyir”, – deyə o əlavə edib.

Sadır Japarov bildirib ki, iki ölkə dostluq və qarşılıqlı etimad
prinsiplərinə söykənən ikitərəfli əməkdaşlığın yeni inkişaf
mərhələsinə qədəm qoyur.

“Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığımızın
inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur.
Əksinə, tam qarşılıqlı etimad və açıqlıq mühiti formalaşıb ki, bu
da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə
mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın
gələcəyini müəyyənləşdirən qərarlar qəbul edilir. Xüsusilə vacibdir
ki, əldə olunan bütün razılaşmalar birgə inkişaf və ortaq
məqsədlərə nail olmaq istiqamətində səmimi iradəyə əsaslanır.
Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat,
investisiyalar, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı
fəaliyyətin daha da genişləndirilməsi üçün böyük potensiala
malikdir. Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və
konstruktiv əməkdaşlıq şəraitində keçəcək”, – deyə Qırğızıstan
Prezidenti bildirib.