
Bakı. Trend:
Fransada prezidentliyə üç dəfə namizəd olmuş Marin Le Pen
2027-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Bu barədə o, TF1 televiziya kanalının “Saat 20:00” xəbərlər
buraxılışına açıqlamasında bildirib.
Marin Le Pen bildirib ki, onun seçkilərdə iştirak etməsi üçün
iki şərt var. Birincisi, o, 18 aprel 2027-ci ildə keçiriləcək
prezident seçkilərinin birinci turuna qədər namizəd olmaq hüququnu
saxlamalıdır. İkincisi isə, məhkəmə hökmünün icrası və ya nəzarət
tədbiri çərçivəsində tətbiq olunan elektron qolbaq
taxmamalıdır.
Marin Le Pen 2027-ci il prezident seçkilərində namizədliyini
irəli sürəcəyini 7 iyul 2026-cı ildə “Milli Cəbhə” partiyasının
Avropa Parlamentindəki deputat köməkçilərinin saxta işə götürülməsi
işi üzrə Apellyasiya Məhkəməsinin onu təqsirli bilməsindən cəmi bir
neçə saat sonra elan edib.
Paris Apellyasiya Məhkəməsi onun seçkilərdə iştirak qadağasını
15 aya endirib və bu müddətin artıq başa çatdığını qəbul edib. Buna
səbəb 31 mart 2025-ci ildə birinci instansiya məhkəməsinin
çıxardığı hökmün dərhal qüvvəyə minməsi olub. Bununla belə, Le Pen
elektron qolbaq vasitəsilə icra oluna biləcək bir il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Marin Le Pen bildirib ki, 2027-ci il prezident seçkilərində
iştirak edəcək və apellyasiya məhkəməsinin qərarından kassasiya
şikayəti verəcək.
İfrat sağçı partiyanın prezidentliyə üçqat namizədi daha əvvəl
dəfələrlə belə şərtlər altında seçki kampaniyası aparmayacağını
bəyan etmişdi.
“Çünki kassasiya şikayəti vermək imkanım var, halbuki digər
mümkün hallarda bu imkan olmaya da bilərdi. Kassasiya şikayəti isə
apellyasiya məhkəməsinin qərarının icrasını dayandırır. Buna görə
də seçki kampaniyasını elektron qolbaq olmadan aparacağam”, – deyə
o, bildirib.
“Jordan Bardella ilə birlikdə çox yaxın vaxtlarda bu prezident
seçkisi kampaniyasına başlayacağıq”, – deyə “Milli Birlik”
Partiyasının lideri bildirib.
“Məhz birlikdə fransızları inandıracağıq ki, bu gün
qarşılaşdıqları vəziyyət qaçılmaz deyil”, – deyə Le Pen əlavə
edib.

