
Bakı. Trend:
Bu gün bir şagird ənənəvi dərsliklə cəlbedici video kontent
arasında seçim edərkən, çox vaxt videonu seçir. Biz uşaqlardan
yalnız ənənəvi dərslik ilə öyrənməyi tələb etsək, cəmiyyətin irəli
gədə bilməyəcək.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin
Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq
düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı
kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, əsas yanaşma qadağa deyil, risklərin
azaldılması olmalıdır.
“Uşaqların təxminən 50 faizi sosial mediadan informasiya əldə
edir. Bu isə riskli hesab olunur, çünki yanlış məlumatların
formalaşmasına səbəb ola bilər. Lakin burada əsas məsələ bunun
həqiqətən yanlış düşüncə yaradıb-yaratmamasını ölçməkdir;
fərziyyələri fakt kimi təqdim etmək doğru deyil.
Bildiyimiz əsas reallıq odur ki, uşaqlar sosial mediada daha çox
vaxt keçirməyə meyillidirlər. Dövlət olaraq bu proses
tənzimlənməlidir, amma eyni zamanda nəzərə almaq lazımdır ki,
uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə
daha geniş olacaq və bunu tamamilə məhdudlaşdırmaq mümkün deyil.
Biz istəməsək də, məktəbə alternativ öyrənmə mənbələrinin sayı
artır. Əsas məsələ bu alternativ mənbələrin düzgün tənzimlənməsi və
məktəb sisteminə inteqrasiyasının təmin edilməsidir. Tədqiqatlar
göstərir ki, nağıl dinləməklə böyüyən uşaqlar məktəb dərslərində,
riyaziyyatda daha uğurlu olurlar. Təəssüf ki, bu gün valideynlərin
uşaqlarla oyun oynamaq, zaman ayırmaq üçun vaxtı yoxdur”, – nazir
qeyd edib.

