
ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı Tramp İsrailin «Hizbullah»a qarşı hərəkətlərini kəskin tənqid edib.
Modern.az xəbər verir ki, bu barədə “Nyu-York Post” qəzeti məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, söhbət qısa müddətdə gərgin məcraya keçib. Onların sözlərinə görə, Tramp bir məqamda belə deyib:
“Sən nə edirsən axı?”
“Axios” mənbələrindən biri prezidentin sözlərini daha sərt formada belə çatdırıb:
“Sən dəli olmusan. Mən olmasaydım, sən həbsxanada oturardın. Mən səni xilas edirəm. İndi hamı sizə nifrət edir”.
Mənbələr həmçinin iddia edirlər ki, Tramp son dərəcə əsəbi olub və “yüksək tonla danışaraq” faktiki olaraq İsrailin baş nazirinə təzyiq göstərib.
Həmin mənbələrin versiyasına görə, Netanyahu isə diplomatik üslubu qorumağa çalışıb və bildirib ki, İsrail şəhərlərinə hücumlar dayandırılmasa, İsrail «Hizbullah»a qarşı əməliyyatlarını davam etdirəcək.
Netanyahunun ofisi bəyan edib ki, İsrailin mövqeyi dəyişməyib: əgər «Hizbullah» tərəfindən atəşlər davam edərsə, Beirut şəhərindəki hədəflərə zərbələr endiriləcək və Livanın cənubundakı hərbi əməliyyatlar planlaşdırılmış qaydada davam etdiriləcək.

