
Bakı. Trend:
Yeni araşdırmalar göstərir ki, qlobal istiləşmə Məkkənin
iqlimini ciddi şəkildə dəyişdirib və milyonlarla zəvvar artıq təkcə
yayda deyil, ilin digər aylarında da təhlükəli istilərə məruz
qalır.
Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.
Tədqiqatlara görə, fosil yanacaqların istifadəsi nəticəsində
yaranan karbon tullantıları səbəbilə may ayında temperatur müntəzəm
olaraq 40°C-yə qədər yüksəlir. Əvvəllər bu cür yüksək istilər
əsasən yay aylarında müşahidə olunurdu. Alimlər bildirirlər ki,
iqlim dəyişikliyi davam edərsə, Həcc ziyarəti əsrin sonuna qədər
demək olar ki, ilboyu təhlükəli istilər şəraitində keçirilə
bilər.
Həcc ziyarəti İslam təqvimi ilə hər il fərqli vaxta düşür və beş
gün davam edir. 2024-cü ildə iyun ayında keçirilən Həcc ziyarəti
zamanı həddindən artıq istilər və rütubət səbəbindən 1300-dən çox
zəvvarın həyatını itirmişdi.
Səudiyyə Ərəbistanı isə zəvvarların təhlükəsizliyi üçün kölgəli
yollar, soyutma məntəqələri, dumanlama sistemləri və geniş tibbi
xidmətlər kimi tədbirlər həyata keçirir.

