Bakı-Tbilisi qatarında səfər edəcək şəxslərin nəzərinə

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfər həyata
keçiriləcək. Sərnişinlərin rahat və problemsiz səfərinin təmin
olunması məqsədilə vacib sənəd tələbləri açıqlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki,
qatara minik zamanı biletlə yanaşı bir sıra sənədlərin təqdim
olunması mütləqdir. Belə ki, sərnişinlər pasportun əslini təqdim
etməlidirlər. Qeyd olunub ki, “mygov” platformasından əldə edilmiş
rəqəmsal pasport versiyası keçərli hesab edilmir.

Həmçinin Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət
sığortasının olması vacibdir. 5 yaşadək uşaqlarla səfər edən
şəxslər isə uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim
etməlidirlər.




Qaydalara əsasən, bir valideynlə səfər edən uşaqlar üçün digər
valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün
isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş
etibarnaməsi tələb olunur.

Sərnişinlərə qatara sürətli və rahat keçid üçün qeyd olunan
sənədləri öncədən hazırlayıb özləri ilə götürmələri tövsiyə
edilir.

Bakı-Tbilisi qatarının ilk reysinin bu gün gecə saat 23:10-da
yola düşəcəyi bildirilib və sərnişinlərə uğurlu yol arzulanıb.