Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına
işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin
sədri Marlen Mamataliyev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, spiker Sahibə Qafarova Marlen Mamataliyevi bu
vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik
dostluq və qardaşlıq əlaqələrinin müasir dövrdə də qarşılıqlı
surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda uğurlu inkişafından
məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Qırğızıstan dövlət
başçılarının qarşılıqlı səfərlərinin, yüksək səviyyədə görüşlərin
dinamikasının və səmərəliliyinin ikitərəfli münasibətlərin
möhkəmlənməsində və dərinləşməsində mühüm rolunu qeyd ediblər.

Söhbət zamanı Azərbaycan və Qırğız Respublikası arasında yüksək
səviyyəli əlaqələrin parlament müstəvisində də davam etdirildiyi
vurğulanaraq, qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin
inkişafında qanunverici orqanların da özünəməxsus rolu var.
Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx
əməkdaşlıq edirlər. O cümlədən, beynəlxalq parlament
təşkilatlarında, həmçinin MDB-nin Parlamentlərarası
Assambleyasında, Türk Dövlətlərinin Parlament Assambleyasında,
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Asiya
Parlament Assambleyasında və digər qurumlarda fəal əməkdaşlıq
mövcuddur. Görüşdə parlament sədrləri və deputatlar səviyyəsində
qarşılıqlı səfərlərin və təmasların qanunverici orqanlarımız
arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyi qeyd
olunub.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparılıb.