
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasındakı (WUF13) təcrübələrin Nigeriyada tətbiqi
planlaşdırılır.
Bunu nigeriyalı şəhərsalma üzrə mütəxəssis Faiz Ezi WUF13
çərçivəsində Trend-ə açıqlamasında deyib.
O hesab edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu
(WUF13) mənzil problemlərinin həlli baxımından ölkələr arasında
əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Mütəxəssis bildirib ki, dünyada mənzil problemi qlobal xarakter
daşıyır və forum bu istiqamətdə təcrübə mübadiləsi üçün mühüm
platformadır.
“Nigeriyadan WUF13-də iştirak etmək üçün gəlmişik. Forumun əsas
mövzusu dünyada mənzil təminatıdır. Azərbaycana bir neçə gün əvvəl
gəlmişik və artıq müşahidə etmişik ki, burada yaşayış binalarının
tikintisinə böyük diqqət ayrılır. Memarlıq dizaynları olduqca
maraqlıdır və öyrənilməyə dəyər təcrübələr var”, – deyə o
vurğulayıb.
Faiz Ezi qeyd edib ki, forum çərçivəsində əldə olunan bilik və
təcrübələri Nigeriyada tətbiq etməyi planlaşdırırlar.
“Biz də Nigeriyada mənzil problemi ilə üzləşirik. Burada
öyrəndiklərimizi ölkəmizə qayıtdıqdan sonra yerli şəraitə
uyğunlaşdırmağa çalışacağıq. Forumun növbəti günlərində daha
faydalı nəticələr gözləyirik”, – deyə o əlavə edib.
O həmçinin Nigeriya rəhbərliyinin forumda yüksək səviyyədə
təmsil olunmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bu, yeni
əməkdaşlıqlar və mümkün memorandumların imzalanması üçün imkan
yarada bilər.
“Buna ehtiyacımız var. Düşünürəm ki, aparılan danışıqlar həm
Nigeriyanın, həm də dünyanın inkişafına töhfə verəcək”, – deyə Faiz
Ezi yekunlaşdırıb.

