
Bakı. Trend:
Mayın 14-də Bakı–Xankəndi Azərbaycan beynəlxalq velosiped yarışı
başa çatıb. Yarışın son mərhələsindən sonra Xankəndi şəhərində
qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mükafatlandırma mərasimində çıxış edən Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qalibləri təbrik
edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Yarışın sonuncu – V mərhələsində finiş xəttinə İspaniyanın
“Burqos” komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett
birinci çatıb. O, Tərtərdən Xankəndiyə qədər 181,5 kilometr
məsafəni ən qısa vaxtda qət edərək mərhələnin qalibi olub.
İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü
Aleksey Şnirko, II və III mərhələlərdə isə Qazaxıstanın “XDS
Astana” komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa
birinci yeri tutublar. İtaliyanın “Bardiani” komandasının üzvü
Marko Manenti IV etapın qalibi olub. Beynəlxalq Velosipedçilər
İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini
təmsil edən 24 komanda mübarizə aparıb.
Yarışın yekunu Xankəndidə xüsusi coşqu və bayram əhval-ruhiyyəsi
ilə yadda qalıb. Şəhərdə təşkil olunan möhtəşəm qarşılanma
mərasimində sakinlər böyük izdihamla iştirakçıları salamlayıblar.
Xankəndi küçələrində səslənən alqışlar, milli ruhlu çıxışlar və
musiqi proqramı tədbirə əlavə rəng qatıb. Səhnədə təqdim olunan
musiqi nömrələri həm sakinlərdə, həm də qonaqlarda yüksək
əhval-ruhiyyə, bayram ab-havası yaradıb.
Bu möhtəşəm qarşılanma mərasimi bir daha göstərib ki, Xankəndi
bu gün həyatın, sevincin və birliyin ünvanıdır. İdman tədbiri təkcə
yarış deyil, həm də dostluq, həmrəylik və ölkənin inkişaf yolunu
əks etdirən mühüm bir platformaya çevrilib.

