
Bakı. Trend:
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil,
eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları
təmin edir.
Trend xəbər
verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında
yazıb.
Millət vəkili bildirib ki, dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə)
maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni
məbləğə uyğunlaşdırılaraq artırılır:
“Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd
təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi,
mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı
və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu
olmayan işçilərin vəzifə maaşları daxildir.
Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə
müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1 150
manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik
olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum
səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə,
minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının
artmasına səbəb ola bilər”.
Deputat xatırladıb ki, Əmək Məcəlləsinə edilən dəyişikliyə
əsasən, əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə
baxılmalıdır:
“Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə
almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra
proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum
əməkhaqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”.

