Ulu Öndər Heydər Əliyev: Müasir Azərbaycan dövlətçiliyinin memarı

Baş səhifə

Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü yüksək ehtiramla qeyd edir. Xalqımız yalnız nüfuzlu bir dövlət xadimini deyil, dövlətçilik tariximizdə son dərəcə əhəmiyyətli, bütöv bir dövrün formalaşmasına təsir göstərmiş, fəaliyyəti uzaqgörən, milli maraqlarımıza cavab verən strateji qərarlarla xarakterizə olunan, müasir Azərbaycan dövlətçiliyini xilas edərək, möhkəm, etibarlı təməl prinsiplərini müəyyənləşdirmiş dahi bir şəxsiyyəti qürur hissi və dərin hörmətlə xatırlayır.

Ulu Öndər müstəqil dövlətçiliyi etibarlı şəkildə qoruyan və gələcəyə hesablanmış, dünyada unikal olan bir idarəçilik modeli formalaşdırdı. Bu modelin əsasında güclü və qətiyyətli lider, xalqın rifah halının yüksəldilməsinə xidmət edən sosial siyasət, xalq-iqtidar birliyi, siyasi, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi, müasir ordu quruculuğu, Azərbaycançılıq məfkurəsi, milli ruhun yüksəlişi, mənəvi, tarixi, mədəni dəyərlərimizin qorunub inkişaf etdirilməsi, balanslaşdırılmış və daim milli maraqların əsas götürüldüyü xarici siyasət kursu dayanırdı.

Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbərliyə başlaması ölkəmizin inkişaf tarixində yeni tarixi bir mərhələyə qədəm qoymasına imkan verdi. Həmin ildən etibarən respublikada idarəetmə üslubunda, iqtisadi siyasətdə və sosial sahələrdə tamamilə fərqli yenilənmə prosesləri başlandı. Ulu Öndər iqtisadiyyatın əsas istiqamətlərinin modernləşdirilməsi, sənayenin inkişafı, peşəkar kadrların yetişdirilməsi və Azərbaycanın ittifaq miqyasında nüfuzunun yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı.

Xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, Ulu Öndər həmin dövrlərdə yüksək prinsipiallıq, milli və dövlətçilik mövqeyi, qətiyyətli siyasi iradə nümayiş etdirərək, istər erməni separatçı və şovinist dairələrinin, istərsə də mərkəzi hakimiyyətdə onları dəstəkləyən siyasətçilərin Azərbaycana qarşı müxtəlif təxribat xarakterli fəaliyyətlərinin və məkrli, gizli planlarının qarşısının alınması istiqamətində tutarlı addımlar atırdı.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb siyasi, sosial və hərbi böhranla üzləşmişdi. AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi daxili çəkişmələrə, xaosa və cəbhədə ağır vəziyyətə səbəb olaraq, ölkəni dağılma təhlükəsi ilə üz-üzə qoymuşdu və 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin yenidən siyasi rəhbərliyə qayıtması ölkənin bütün sahələrində müşahidə edilən geriləmə və ağır vəziyyəti qısa müddətdə sabitləşdirərək, dövlətçiliyin dağılmasının qarşısını aldı.

1990-cı illərin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın dövlət maraqlarını qorumaq üçün Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət tariximizdə xüsusi mərhələ kimi qiymətləndirilir. Müstəqilliyini bərpa etmiş, lakin zəif institusional baza, cəbhədə qeyri-sabitlik və daxili ziddiyyətlərlə üzləşmiş bir ölkənin beynəlxalq arenada özünü təsdiqləməsi asan deyildi. Regional və qlobal güclərin maraqlarının kəsişdiyi Qafqazda balans tapmaq həm böyük siyasi təcrübə, həm də strateji düşüncə tələb edirdi. Ulu Öndər Heydər Əliyev məhz bu çətin şəraitdə balanslaşdırılmış və çoxşaxəli xarici siyasət xətti formalaşdıraraq Azərbaycanın təhlükəsizliyini, regional dayanıqlılığını və beynəlxalq legitimliyini təmin etdi.

Bu addımlar ölkəni regional təlatümlərdən uzaqlaşdırdı, Azərbaycanın təcridə düşməsinin qarşısını aldı və böyük dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinin yaranmasına imkan yaratdı. Həm Şərqlə, həm Qərblə, həm də region dövlətləri ilə əməkdaşlıq münasibətlərinin paralel şəkildə qurulması Azərbaycanın müstəqil siyasi kursunu daha da gücləndirdi.

Bu xarici siyasət xəttinin əsas istiqamətlərindən biri suverenliyin və ərazi bütövlüyünün birmənalı şəkildə müdafiəsi idi. Heydər Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunmasını dövlət siyasətinin dəyişməz prioriteti elan etmiş və bu mövqeyi bütün beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etmişdir. O, münaqişənin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipləri, ərazi bütövlüyümüz və suverenliyimizin qorunması əsasında həllini dəfələrlə gündəmə gətirmiş, bununla bağlı real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün geniş diplomatik fəaliyyət göstərmişdir.

Diplomatik kursun digər mühüm istiqaməti beynəlxalq təşkilatlarla fəal və sistemli əməkdaşlıq idi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əlaqələrini genişləndirməklə beynəlxalq hüquqa əsaslanan mövqeyini möhkəmləndirdi. Sözügedən əməkdaşlıq təkcə siyasi dialoqu genişləndirmədi, həm də ölkənin regional problemlərlə bağlı ədalətli mövqeyinin tanıdılmasına mühüm töhfə verdi.

Heydər Əliyevin xarici siyasətinin üçüncü strateji dayağı iqtisadi diplomatiyanın gücləndirilməsi idi. Xüsusilə neft və qaz sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq əməkdaşlıq tarixində yeni mərhələ açdı. Xarici sərmayələrin ölkəyə axını təmin edildi, iqtisadi tərəfdaşlıq əlaqələri genişləndi və bu münasibətlər yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq, siyasi təhlükəsizliyin möhkəmləndirilməsində də mühüm rol oynadı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın taleyini dəyişən qərarlardan biri oldu. Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə imzalanan bu beynəlxalq müqavilə öz miqyası, iqtisadi əhəmiyyəti və geosiyasi təsiri baxımından dünya enerji tarixində ən mühüm layihələrdən biri kimi qiymətləndirilmişdir. Bu razılaşma Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılmasına geniş imkan yaratmış, ölkəyə milyardlarla xarici investisiyanın cəlb olunmasını təmin etmişdir. Həyata keçirilən uğurlu neft strategiyası nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, ölkənin iqtisadi qüdrəti daha da möhkəmlənmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və digər beynəlxalq enerji xətlərinin reallaşdırılması ilə Azərbaycan qlobal enerji təhlükəsizliyinin vacib iştirakçısına çevrildi. Bu layihələr ölkəni etibarlı enerji tərəfdaşı kimi tanıtdı və Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəltdi. Eyni zamanda, bu tarixi müqavilə gələcək nəsillərin rifahı, sosial təminatı və dövlətin davamlı inkişafı üçün etibarlı iqtisadi zəmin və strateji təminat formalaşdırmışdır.

Həmçinin, ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində də mühüm addımlar atıldı. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa−Qafqaz−Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci il fevralın 21-də Katibliyin rəsmi açılışı olmuşdur. Beləliklə, Ümummilli Lider tarixi İpək Yolunun bərpasına töhfəsini verməklə yanaşı, gələcəkdə Zəngəzur dəhlizinin açılması üçün hələ o dövrdə uzaqgörən, strateji bir planın əsasını qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda və yeni çağırışlara uyğun şəkildə böyük məharətlə davam etdirilir. İqtisadiyyatın çoxşaxəli inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi və ölkənin makroiqtisadi sabitliyinin təmin olunması uzunmüddətli strategiyanın müasir tələblər çərçivəsində davam etdirilməsinə imkan verdi.

Azərbaycanın hərbi gücünün artırılması, müasir ordu quruculuğu, müdafiə sənayesinin yaradılması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində formalaşdı. Nəticə etibarilə ölkənin müdafiə qabiliyyəti xeyli gücləndirildi və bu, 2020-ci və 2023-cü illərdə Azərbaycanın tarixi Zəfəri üçün strateji baza oldu. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli və heyrətamiz liderliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Bu möhtəşəm qələbə müasir Azərbaycan dövlətinin gücünün, xalq-iqtidar birliyinin və Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin həyata keçməsinin və onun müəyyən etdiyi siyasi kursun təntənəsi kimi tarixə həkk olundu. Qarabağın işğaldan azad olunması yalnız Azərbaycanın hərbi qüdrətinin deyil, uzun illər ərzində həyata keçirilən uğurlu və ardıcıl daxili və xarici siyasət kursunun məntiqi nəticəsində mümkün oldu.

Şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin irəli sürdüyü sülh təşəbbüsü Cənubi Qafqazda beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə əsaslanan yeni diplomatik, hərbi-siyasi və iqtisadi strategiyanın əsasını qoydu.

Ulu Öndərin irsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla təbliğ edilir. Heydər Əliyevin dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə həyata keçirdiyi siyasətin öyrənilməsi məqsədilə Fond tərəfindən mühüm layihələr gerçəkləşdirilir. Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülən sistemli işlər milli dövlətçilik ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, enerji və nəqliyyat layihələrində aparıcı mövqeyi, təhlükəsizliyə töhfələri və regional əməkdaşlıq formatlarında fəal iştirakı Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin, tarixi əhəmiyyətli irsinin yaşayaraq inkişaf etdiyini təsdiqləyir. Dövlətçilik ənənələrinə əsaslanan bu siyasət həm ölkənin təhlükəsizliyinin təminatında, həm də regional sabitlik və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, zəngin dövlətçilik irsi heç vaxt unudulmayacaq və əbədi günəş kimi daim dövlətimizin inkişaf yoluna şəfəq saçacaq.

Allah rəhmət eləsin, ruhu daim şad olsun!

Zaur Şükürov
Milli Məclisin deputatı