
Bakı. Trend:
Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik
orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin
şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin
ehtiramla anıblar.
DTX-dən Trend-ə
bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın
da məzarı üzərinə gül dəstələri qoyulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam etdirilən
mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından
keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik
Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik
zəngin fəaliyyət dövrünə nəzər salıb, bu mühüm təsisatın
milliləşdirilməsinin və azərbaycançılıq ideologiyası ruhunda
yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin
sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.
Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza
atdığını qeyd edən Xidmət rəisi dövlətimizin başçısının xüsusi
diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
General-polkovnik bundan sonra da dövlətçiliyimizin qorunması və
milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən
vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd
edib.
Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət
mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə
başa çatıb.


