Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik)
orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi
buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə
üzrə 8 nəfər maksimum nəticə göstərib. Onların 7-si Bakı və Abşeron
məktəblərinin şagirdləridir.
300 balla ölkə birincilərindən olan daha iki şagird imtahan
təəssüratlarını Trend-ə bölüşüblər.
300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Abşeron
rayonu, Xırdalan şəhər 9 saylı tam orta məktəbin şagirdi Novruzlu
Südabə Ramin qızı bildirib ki, maksimum nəticə göstərmək əsas
hədəfi olub:

“İmtahan nəticələri açıqlananda evdə deyildim. Valideynim mənə
zəng edərək xəbəri verdi. Həm təəccübləndim, həm də qürurlandım.
Əslində maksimum nəticə göstərəcəyimə inanırdım. Çünki ilboyu çox
çalışmışdım və 300 bal toplamaq əsas hədəfim idi. İmtahan sualları
mənim üçün kifayət qədər rahat idi. Xüsusilə ingilis dili və
riyaziyyat fənləri mənə asan gəldi. Azərbaycan dili fənnində bəzi
çaşdırıcı suallar olsa da, onların hamısının öhdəsindən gələ
bildim”.
O, təhsil almaq istədiyi sahəni də açıqlayıb:
“Gələcəkdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsində
təhsil almaq istəyirəm. Daha sonra isə təhsilimi xaricdə davam
etdirmək arzum var. İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur
ki, özlərinə inansınlar, təkrara vaxt ayırsınlar və dərslərlə ciddi
məşğul olsunlar. Əsas məsələ qarşıya məqsəd qoymaq və həmin məqsədə
çatmaq üçün davamlı çalışmaqdır.”
300 balla ölkə birincilərindən olan Akademik Z.Əliyeva adına
liseyin şagirdi Ağamalı Elmir isə bildirib ki, bu nəticəni həm də
məktəbinə və müəllimlərinə borcludur:

“İmtahan nəticəsini iş nömrəsi vasitəsilə öyrəndik. Anam
riyaziyyat müəlliməsidir. O uşaq vaxtdan mənimlə xüsusi məşğul
olub, dərslərimdə kömək edib. Məktəb müəllimlərim də güclü və
peşəkar olublar. Mənim riyaziyyata marağım böyük idi, bu marağın
yaranmasında anamın da böyük rolu olub. O, dai riyaziyyata
marağımın və inkişafının üzərində çalışıb. 300 ballıq nəticəni isə
gözləyirdik. Nəticə açıqlananda isə çox böyük sevinc yaşadıq.
İmtahandan çıxanda sualların çətin olmadığını demişdim.Bütün
tapşırıqları yazmışdım.
Elmir gələcəkdə tibb sahəsində təhsilini davam etdirmək
istədiyini də bildirib:
“Birinci sinifdən bu günə qədər bütün fənləri eyni səviyyədə
yaxşı oxumuşam. Yeddinci sinfə qədər 245 saylı məktəbdə təhsil
almışam. Artıq 9 ildir ki, əlaçıyam. Belə yüksək nəticə
göstərməyimdə Zərifə Əliyeva adına liseyin də, ondan əvvəl təhsil
aldığım məktəbin də çox böyük payı var. Təhsil aldığım hər iki
məktəb yaxşı bir şagird kimi yetişməyimdə böyük rol oynayıb.
Liseydə tədris prosesi həqiqətən möhtəşəmdir”, – o, bildirib.

