
Bakı. Trend:
Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma
və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.
Trend-in əldə
etdiyi məlumata görə, sığınacaq fasiləsiz elektrik, isti və soyuq
su təchizatı, istilik, kanalizasiya, təbii və ya mexaniki
havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı
ilə təmin edilməlidir.
Qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış baytarlıq
preparatlarının saxlanıldığı otaq və ya bölmədə narkоtik vasitələr,
psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici
baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer,
seyf və ya dəmir qıfıllı dolablar olmalıdır.
İtlər və pişiklər eyni otaq və ya bölmədə yerləşdirilərsə, həmin
heyvanların bir-birini görməsinin qarşısını almaq məqsədilə
arakəsmə dizayn edilməlidir.
Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm
xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə
təchiz edilməlidir.
Heyvanların sığınacağı tərk etməsinin qarşısını almaq və etoloji
ehtiyaclarını qarşılamaq üçün tədbirlər görülməlidir.
Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı
gözlənilməlidir.

