Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib

Baş səhifə

Bakı. Trend:

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər
vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya
Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi –
dövlətçilik və ordu quruculuğunun təməli” mözvzusunda tədbir
keçirib.

Trend xəbər
verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub,
Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə
gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin
inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin
bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin
mənəvi borcudur.




Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları
Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı,
general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların
hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi
strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44
günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında
qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı
ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və
artilleriyaçıların Müzəffər Ali Baş Komandan İlham Əliyev
tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında
yerinə yetirməyə qadir olmaları bildirilib.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti
ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə
bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr
təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.