
Bakı. Trend:
Mayın 2-3-də altıncı “Yüksəliş” müsabiqəsinin ilk imtahan
mərhələsi olan Ümumi biliklər imtahanı keçirilib. Bununla da
müsabiqənin qeydiyyat mərhələsini uğurla tamamlayan namizədlər üçün
bilik və bacarıqların qiymətləndirilməsi prosesinə start
verilib.
Trend xəbər verir ki, onlayn
formatda təşkil olunan imtahan “Azərbaycan bloku”, “Dünya bloku”,
“İdarəetmənin əsasları” və “Müasir trendlər” üzrə sualları əhatə
edib. Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. Saat
15:00-da başlayan imtahan 90 dəqiqə davam edib. İmtahana ümumilikdə
10 min 176 nəfər qoşulub.
İmtahan başa çatdıqdan sonra iştirakçılara 24 saat ərzində şəxsi
kabinetləri vasitəsilə imtahan platformasına daxil olaraq suallar
və cavablar ilə tanış olmaları üçün şərait yaradılıb. Ümumi
biliklər imtahanında minimum 60 bal toplayan iştirakçılar
müsabiqənin növbəti mərhələsi olan Analitik təhlil imtahanına
vəsiqə qazanacaqlar. Ümumi biliklər imtahanının nəticələri imtahan
başa çatdıqdan sonra 3–5 iş günü ərzində iştirakçıların şəxsi
kabinetinə hesabat formasında yerləşdiriləcək.
Bu il Ümumi biliklər imtahanı əvvəlki illərdən fərqli olaraq
yenilənmiş sual formatı və texniki yanaşma əsasında keçirilib. Hər
blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli
suallardan ibarət olub. Açıq tipli sualların 6-sı seçim, 4-ü isə
boşluqdoldurma formatında təqdim edilib. Qapalı suallar sırasında
audioformatlı suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı
suallar bloklar üzrə ardıcıl şəkildə cavablandırılıb və blok
daxilində əvvəlki suallara geri qayıtmaq imkanı olmayıb. Tətbiq
olunan yeniliklər iştirakçıların diqqət, analitik yanaşma, məlumatı
düzgün qiymətləndirmə və qərarvermə bacarıqlarının daha çevik
şəkildə ölçülməsinə xidmət edib.
İmtahan günlərində iştirakçıların texniki suallarının operativ
cavablandırılması məqsədilə “Yüksəliş” müsabiqəsi üzrə “1820” Çağrı
Mərkəzi, müsabiqənin sosial şəbəkə hesabları və [email protected]
elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət
göstərib. Həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ
qaydada baxılaraq cavablandırılıb.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun
26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri
mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf
üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq
Sərəncam imzalanıb.

