Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır – Səfir

Baş səhifə

Laçın. Trend:

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi
səfəri planlaşdırılır.

Trend xəbər verir
ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov
Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13)
Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də
regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında,
WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin
Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”,-
deyə səfir bildirib.

E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında
əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: “Biz
müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində
yaxşı əməkdaşlıq edirik”.

“Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə
dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”,- deyə
diplomat səfəri şərh edərkən əlavə edib.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş
diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və
Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən
150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr
iştirak edirlər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı,
Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və
bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi
əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.