Poçtla göndərişlərdə qadağan olunan məhsullarla bağlı xəbərdarlıq edilib

Baş səhifə

Bakı.Trend:

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında
idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri
vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin
tələblərinə ciddi əməl edilməlidir.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, bura baytarlıq preparatları, dövlət sınağından
keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada
qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və
aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan
toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları,
qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də
heyvan mənşəli qida məhsulları daxildir. İKTA poçt rabitəsi
xidmətinin istifadəçilərinə bununla bağlı xatırlatma edib.




İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və
poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və
tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilib.

Bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun
18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə
qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına
və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması
nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab
olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni
miqdarda maddi məsuliyyət daşıyırlar.

Vətəndaşların diqqətinə çatdırılıb ki, bu kateqoriyadan olan
məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla
və müsadirə oluna bilər.