
Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri
zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməsi
planlaşdırılmır.
Trend xəbər verir ki, bu
barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai
bildirib.
O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir
görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana
çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın
Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik
səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə
görüşəcək.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı
tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

