
Bakı. Trend:
SOCAR, bp və “NewMed Energy” şirkətlərinin daxil olduğu
konsorsiumun 2026-cı ilin sentyabr ayında İsrailin Aralıq dənizi
şelfində yerləşən 1-ci zonada 3D seysmik tədqiqatlara başlayacağı
gözlənilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft
Şirkətindən (SOCAR) bildirilib.
Sözügedən seysmik işlərlə bağlı qeyd edilib ki, mövcud plana
əsasən, növbəti qərar mərhələsi 2026-cı ilin iyul ayına nəzərdə
tutulur.
“Qərar təsdiqlənərsə, işlərə ən tez 2026-cı ilin sentyabr ayında
başlamaq mümkün olacaq”, – məlumatda vurğulanıb.
Layihədə SOCAR-ın operator kimi əsas funksiyaları ilə bağlı isə
bildirilib ki, operator qismində SOCAR birgə müəssisə (JV) adından
layihənin texniki və kommersiya hissəsini idarə edir.
“Buraya minimum kəşfiyyat iş proqramının və büdcələrin icrası,
müqavilələrin bağlanması, podratçıların texniki tələblərə
uyğunluğuna nəzarət, tərəfdaşların təsdiq prosesinin idarə
olunması, dövlət qurumları ilə əlaqələrin qurulması və digər
məsələlər daxildir”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, SOCAR, İsrailin “NewMed Energy” və Böyük
Britaniyanın bp şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin
oktyabrında İsrail Energetika Nazirliyinin “Leviafan” qaz yatağının
yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün
lisenziya tenderini qazanıb. Konsorsium 2026-cı ilin oktyabrına
qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini,
həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli
olan əlavə iş proqramına aid plan təqdim etməlidir. Tender
qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üçillik
müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış
sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün
məcburi iş proqramını yerinə yetirməlidirlər.

