Məcnun Məmmədov halal sertifikasiya platforması yaratmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan aqrar sektorda investisiya risklərinin azaldılması
üçün müasir infrastrukturun inkişafı istiqamətində iş aparır.

Trend-in tədbirdə
iştirak edən müxbirinin məlumatına görə, bunu Azərbaycanın kənd
təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı Qrupunun
14-cü Özəl Sektor Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, ölkədə müasir aqrologistika mərkəzləri
yaradılır, soyuq tədarük zənciri infrastrukturu gücləndirilir və
məhsul yığımından sonra itkilərin azaldılması üçün tədbirlər
görülür.

M.Məmmədov qeyd edib ki, sahənin səmərəli fəaliyyəti Elektron
Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə təmin
olunur. Bu sistem dövlət dəstəyi və subsidiya mexanizmlərində
şəffaflığın təmin edilməsinə imkan yaradıb.

O bildirib ki, hazırda sistemin infrastrukturu süni intellekt
texnologiyalarının və məlumatların təhlilinə əsaslanan alətlərin
inteqrasiyası hesabına genişləndirilir.

“Biznes üçün bu, məhsulların başdan sonadək zəmanətli
izləniləbilərliyi, keyfiyyətə daha yüksək nəzarət səviyyəsi və
halal məhsullar üzrə sərt beynəlxalq standartlara uyğunluq
deməkdir”, – deyə nazir bildirib.

Məcnun Məmmədov sahənin gələcək inkişafı ilə bağlı bir sıra
təkliflər də səsləndirib.




Onun sözlərinə görə, prioritetlərdən biri vahid halal
sertifikasiya və rəqəmsal izləniləbilərlik platformasının
yaradılması olmalıdır.

“İnvestorlara vahid, nüfuzlu və beynəlxalq səviyyədə tanınan
standart lazımdır. Biz bu istiqamətdə aparıcı rol oynamağa hazırıq
və tərəfdaşları bu işə qoşulmağa dəvət edirik”, – deyə o
bildirib.

Nazir həmçinin istehsal, emal, sertifikasiya və soyuq
logistikanı bərpa olunan enerji mənbələri əsasında birləşdirən
inteqrasiya olunmuş “yaşıl” halal aqrohubların inkişaf
etdirilməsini təklif edib.

O, halal məhsulların ixracının genişləndirilməsi üçün Orta
Dəhlizin potensialından istifadə edilməsinin vacibliyini də
vurğulayıb.

“İstehsalçılarımızı Fars körfəzi ölkələri və Avropa bazarları
ilə birləşdirən logistika marşrutlarına prioritet diqqət yetirmək
lazımdır”, – deyə o bildirib.

M.Məmmədov qeyd edib ki, Azərbaycan əməkdaşlığa açıqdır və halal
məhsul istehsalı üzrə regional mərkəz kimi potensialını inkişaf
etdirmək niyyətindədir.

“Gəlin birlikdə Azərbaycanı etik, keyfiyyətli və
rəqabətqabiliyyətli halal məhsul istehsalı üzrə aparıcı regional
haba çevirək”, – deyə o əlavə edib.