Yaxın Şərqdə davam edən münaqişə hərbi vasitələrlə həll oluna bilməz – BMT

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə davam edən münaqişənin hərbi həlli yoxdur.

Trend xəbər verir ki, bu
barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə
açıqlamasında bildirib.

Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında keçirilən
danışıqlarda konkret razılaşma əldə olunmasa da, müzakirələrin baş
tutması tərəflərin prosesə ciddi yanaşdığını göstərir və dialoqun
bərpası istiqamətində mühüm, müsbət addım kimi qiymətləndirilə
bilər.

Vurğulayıb ki, belə mürəkkəb məsələlər üzrə razılaşmanın qısa
müddətdə əldə olunması real deyil və bu baxımdan konstruktiv
danışıqların davam etdirilməsi vacibdir.




O, eyni zamanda qeyd edib ki, atəşkəs rejiminin qorunması xüsusi
əhəmiyyət kəsb edir və bütün pozuntular dərhal
dayandırılmalıdır.

BMT-nin Baş katibi münaqişənin nizamlanması istiqamətində
vasitəçilik səyləri göstərən Pakistan, Səudiyyə Ərəbistanı, Misir
və Türkiyəyə təşəkkür edib, beynəlxalq ictimaiyyəti bu təşəbbüsləri
dəstəkləməyə çağırıb.

Bildirilib ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüquqa
riayət etməli, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığını
təmin etməlidirlər.

Bəyanatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 20 min
dənizçi münaqişə səbəbindən faktiki olaraq blokadada qalıb.
Boğazdan keçən dəniz daşımalarında yaranmış pozuntular qlobal
iqtisadi qeyri-sabitliyin artmasına, eləcə də dünya üzrə
milyonlarla həssas insan üçün ərzaq təhlükəsizliyinin daha da
pisləşməsinə gətirib çıxarır.