FAO rəsmisi: “Bu ili əhatə edən iş planının icrası üçün 1 milyon dollardan çox vəsait tələb olunur”

Baş səhifə

2026-cı ili əhatə edən iş planının icrası 1,18 milyon dollar tələb olunur.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

M. Hayat qeyd edib ki, sözügedən iş planı iqlimə davamlılıq və yaşıl artım istiqamətlərini əhatə edir: “Bu birgə iş planına FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə sədrlik edilir. Hazırda burada UNECE, UN Women, FAO, UNIDO, IOM, UN Habitat, ITU və UNEP kimi müxtəlif BMT qurumları, həmçinin Azərbaycanın bir neçə dövlət nazirliyi və komitəsi iştirak edir”.

FAO nümayəndəsinin sözlərinə görə, 2026-cı ili əhatə edən iş planının icrası üçün milyonlarla dollar vəsait tələb olunur: “2026-cı ilin yanvarından dekabrınadək olan cari iş planı dövrü üçün tələb olunan ümumi resurslar 6,4 milyon dollardır. Bunun artıq 5,2 milyon dolları bizdə var ki, bu da tələb olunan vəsaitin təxminən 83 %-ni təşkil edir. Sözügedən dövr üçün hələ 1,18 milyon dollar cəlb etməliyik”.

Onun sözlərinə görə, maliyyələşmə müxtəlif beynəlxalq fondlar və donor təşkilatlar hesabına formalaşır: “Əsas maliyyə mənbələrinə Adaptasiya Fondu, GEF, Yaşıl İqlim Fondu, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, BMT-nin Əsas Fondları və Avropa İttifaqı daxildir. 5,2 milyon dollarlıq mövcud vəsaitin ən böyük payı məhz bu donorların hesabına formalaşıb”.

M. Hayat vurğulayıb ki, vəsaitlər üç əsas alt nəticə (output) üzrə bölüşdürülür: “Xüsusilə iqlimə davamlılıq və dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan potensialın artırılması üçün tələb olunan 4,6 milyon dolların 3,7 milyonu artıq hazırdır. İcmaların iqlim fəaliyyəti üçün zəruri biliklərə yiyələnməsi məqsədilə nəzərdə tutulan 195 min dollar isə tam təmin edilib”.