Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şamaxıda təşkil olunan Beynəlxalq Barbekü Festivalı bu gün də
davam edib.

Trend xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən barbekü
festivalında 30-dan çöx ölkədən məşhur şeflər bir araya gəlib.
Festivalın ilk günündə olduğu kimi bu gün də ziyarətçilərin
kütləviliyi yaşanıb və bir-birindən maraqlı təqdimatlar tədbiri
yaddaqalan edib.

Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti,
Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq
kulinariya hakimi Sahib-David İsrafilovun dəstəyi ilə təşkil
olunub.




Möhtəşəm barbekü təqdimatları ilə zəngin bu beynəlxalq tədbirin
əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın
qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya
tanıtmaq, qastronomiya turizmini genişləndirməkdir. Festival
ərazisində müxtəlif pavilyonlar quraşdırılıb və burada yerli və
xarici aşpazlar bir-birindən fərqli təamları təqdim edib.

Bu gün də tanınmış aşpazlar ustad dərsləri təşkil edib, restoran
pavilyonları ilə tanışlıq olub, yerli və xarici mətbəxin inciləri
nümayiş etdirilib.

Festivalın ikinci gününün yaddaqalan məqamlarından biri də
aşpazların Azərbaycan milli mətbəxi şousu olub. Azərbaycanın
kulinariya mədəniyyətinin beynəlxalq təqdimatı məqsədilə festivala
qatılan tanınmış xarici şef-aşpazlar milli təamlarımızı öz
tərzlərində bişirib və yeməkləri nümayiş etdiriblər.