Cüdo üzrə Azərbaycan yığmasının media üçün açıq məşqi təşkil olunub

Baş səhifə
Cüdo üzrə Azərbaycan yığmasının media üçün açıq məşqi təşkil olunub

Avropa çempionatına hazırlığını davam etdirən cüdo üzrə Azərbaycan yığmasının media üçün açıq məşqi keçirilib.

“Report” xəbər verir ki, ölkəni mötəbər turnirdə təmsil edəcək ilkin heyət artıq müəyyənləşib.

İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. Azərbaycan yığmasının yekun heyəti isə yarışa az qalmış açıqlanacaq. Avropa çempionatında idmançılara kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Milli komandaların ilkin heyətində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq) yer alıblar.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə yarışında 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.