“Los Lobos” qruplaşmasının lideri Mexikoda saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Ekvadorda fəaliyyət göstərən “Los Lobos” cinayətkar
qruplaşmasının lideri Xuan Karlos Mexikoda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik
naziri Omar Qarsiya Harfuç “X” sosial şəbəkəsində paylaşım
edib.

Nazir bildirib ki, kəşfiyyat məlumatları və beynəlxalq
əməkdaşlıq nəticəsində Meksikanın güc və miqrasiya qurumlarının
əməkdaşları “Lobo Menor” kimi tanınan Xuan Karlosu paytaxtda ələ
keçiriblər.




Onun sözlərinə görə, saxlanılan şəxs İnterpolun qırmızı
bülleteni ilə beynəlxalq axtarışda olub və narkotiklərin qanunsuz
dövriyyəsi, hədə-qorxu ilə tələb etmə, eləcə də qətllərlə
əlaqələndirilir.

Həmçinin qeyd olunub ki, Cənubi Amerika ölkələrinin
hüquq-mühafizə orqanları onu Ekvadorda prezidentliyə keçmiş
namizədin qətlində əsas fiqurlardan biri hesab edir. Qarsiya Harfuç
Kolumbiya polisinə göstərilən dəstəyə görə təşəkkür edib və
ölkələrin transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığının
davam etdiriləcəyini vurğulayıb.