
Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial
sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
2 milyard 436,4 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1
faiz çox olub. Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya
58,9 faizi məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6
faizi) xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə
yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9
faizi dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları
tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 53,3 faizi
tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib. 2026-cı ilin
yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi
investisiyanın 49,1 faizi sənaye, 24,9 faizi nəqliyyat və anbar
təsərrüfatı, 15,8 faizi tikinti, 4,4 faizi informasiya və rabitə,
2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər
biri 0,7 faiz olmaqla dövlət idarəetməsi və müdafiə, əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,5 faizi inzibati və
yardımçı xidmətlərin göstərilməsi, hər biri 0,4 faiz olmaqla
ticarət; nəqliyyat vasitələrinin təmiri, maliyyə və sığorta, 0,3
faizi təhsil, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai
iaşə, 0,1 faizi İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
sahələrinə sərf edilib.

