“Turkish Airlines” və “Pegasus” İrana hava reyslərini martın 20-ə kimi ləğv edib

Baş səhifə

Bakı. Trend:

“Turkish Airlines” şirkəti İrana uçuşları martın 20-dək,
“Pegasus” aviaşirkəti isə martın 12-dək ləğv edib, digər şirkətlər
isə ən azı martın 9-dək reyslər həyata keçirməyəcək.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və
infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib.

Nazir “X” sosial şəbəkə hesabında yazıb ki, hazırda ‘Turkish
Airlines’, ‘AJet’, ‘Pegasus’ və ‘SunExpress’ aviaşirkətləri
tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və
İordaniyaya uçuşlar martın 9-u günün sonunadək dayandırılıb. Bundan
əlavə, ‘Pegasus Airlines’ martın 12-dək, ‘Turkish Airlines’ isə
martın 20-dək İrana reysləri uçuş cədvəlindən çıxarıb.

O həmçinin bildirib ki, İran, İsrail, İraq, Qətər, Bəhreyn,
Küveyt və Suriyanın hava məkanı (Hələb istisna olmaqla) bağlı
olaraq qalır.

“Omanda, İordaniyada və Səudiyyə Ərəbistanında qismən uçuşlar
davam edir, Birləşmiş Ərəb Əmirliklərində isə aviasiya hərəkəti
nəzarət olunan və məhdud rejimdə həyata keçirilir”, – Uraloğlu qeyd
edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.




İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə və
regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər
və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş
aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurdu.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.