Xaçmaz rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 5 Mart – Bədən
Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Bildirilir ki tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının
sədri Məhəmməd Balaqadaşov və rayonun idman ictimaiyyətinin
nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə məktəbin idman
nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olub,
şahmatçıların yarışını izləyiblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
idmançıları və onların məşqçilərini 5 Mart – Bədən Tərbiyəsi və
İdman Günü münasibətilə təbrik edib, gələcək yarışlarda onlara
uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində
qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Xaçmaz rayonunda
da idmanın inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla
icra olunur.

Digər çıxış edənlər ölkəmizdə idmana olan dövlət qayğısından, bu
sahədə həyata keçirilən tədbirlərdən və idmanın kütləviliyinin
təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

Tədbir çərçivəsində yeniyetmə və gənc idmançılar müxtəlif idman
növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər.

Sonda bir qrup idmançı və məşqçi-müəllim idman sahəsində
qazandıqları nailiyyətlərə görə Fəxri Fərman, Təşəkkürnamə və
xatirə hədiyyəsi ilə mükafatlandırılıb. Həmçinin Xaçmaz rayonunda
idmanın inkişafına göstərdiyi dəstəyə görə Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayevə idman ictimaiyyəti adından
xatirə hədiyyəsi təqdim olunub.