Kolumbiya Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Baş səhifə
Kolumbiya Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

ABŞ-nin Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı xatirəsini ehtiramla yad edərək insanlıq naminə sülhün təşviqi” adlı konfrans keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, konfrans Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ABŞ-də təhsil alan azərbaycanlı gənclər, yerli icmanın nümayəndələri, universitet rəsmiləri və diplomatlar iştirak ediblər. Proqram Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanovanın mederatorluğu ilə baş tutub.

Tədbirdə ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi faktlar haqqında ətraflı məlumat verib.

Tədbirdə həmçinin çıxış edən BMT-nin keçmiş sözçüsü Əbdülhəmid Siyam Xocalı həqiqətlərindən, sülh və humanizm dəyərlərinin təşviqinin əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində Xocalı həqiqətlərindən bəhs edən sənədli film nümayiş olunub. Eyni zamanda, Nyu-Yorkda fəaliyyət göstərən “My Way. Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi”nin sənət direktoru Emin Quliyevin tələbələrinin Xocalıya həsr olunmuş 25 rəsm əsəri konfrans zalında sərgilənib. Rəssamın Xocalı soyqırımına ithaf etdiyi “Qəzəb” adlı büst də qonaqlara təqdim edilib.