Dövlət Dəniz və Liman Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş olub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Qazaxıstanın Dəmir
Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepovun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat yayıb.

Bildirilir ki, əvvəlcə DDLA-nın fəaliyyətinə dair təqdimat olub.
Agentliyin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov ölkələrimiz
arasında nəqliyyat sahəsində əlaqələrin inkişafından danışıb. Qeyd
edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hər iki dövlətin
əməkdaşlığının genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələndirici
rol oynamasına imkan yaradır.

Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr
müavini Qasım Tlepov Orta Dəhliz çərçivəsində əməkdaşlıq və dəniz
nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələləri xüsusilə
vurğulayıb. Bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə
Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir. Orta
Dəhlizin inkişafında ölkələrimizin rolu və fəaliyyəti böyükdür.




Qonaqlar axtarış-xilasetmə üzrə məlumat toplanması prosesinin
təşkili, gəmilərin hərəkətinin uzaq məsafədən tanınma və izlənmə
sistemi, gəmilərin hərəkətinin idarə olunması və dəniz
üzgüçülüyünün təhlükəsizliyinin təmini ilə bağlı Azərbaycanın
təcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.

Görüşdə dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçün
istifadəyə verilən “My Cabinet” platforması, vahid informasiya
sistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialının
gücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələn
öhdəliklərin icrası, dəniz limanlarının fəaliyyətinin dövlət
tənzimlənməsi, dənizdə, gəmilərdə baş vermiş qəzalar, liman dövlət
yoxlamaları, təsnifat cəmiyyətlərinin fəaliyyəti, gəmilərin dənizi
çirkləndirməsinin qarşısının alınmasına dair məsələlər müzakirə
olunub.

Sonda Qazaxıstanın nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.