
Bakı. Trend:
2012-ci ildən əvvəl orta təhsili bitirmiş şəxslər ali məktəblərə
qəbul üçün qeydiyyat zamanı sənəd qəbulu komissiyalarına şəxsən
müraciət etməlidirlər.
Trend xəbər
verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətlə
əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova
DİM-in “Facebook” hesabında yayımlanan “Abituriyent” verilişində
bildirib.
Onun sözlərinə görə, həmin şəxslər şəxsiyyət vəsiqəsi və
attestatlarını komissiyalara təqdim etməlidirlər.
Nigar Hüseynova bildirib ki, 2012-ci ildən əvvəl orta təhsil
haqqında məlumatlar DİM-in elektron məlumat bazasında mövcud
olmadığı üçün həmin şəxslər komissiyalara müraciət etmədən onlayn
qeydiyyatdan keçə bilməzlər:
“2012-ci ildən sonrakı dövrə aid orta təhsil sənədləri isə
məlumat bazasında yer alır. Oğlan abituriyentlər hərbi xidmətlə
bağlı möhlət hüququ olmadıqda onlayn qeydiyyatdan keçə
bilməyəcəklər”.
O həmçinin qeyd edib ki, orta məktəbi xaricdə bitirmiş
abituriyentlər də qeydiyyat prosesini onlayn şəkildə tamamlaya
bilməzlər:
“Onlar sənəd qəbulu komissiyalarına yaxınlaşmalı, təhsil
sənədlərini Azərbaycan dilinə notarial qaydada tərcümə və təsdiq
etdirməlidirlər. Hazırda xaricdə orta məktəbin sonuncu sinfində
oxuyan abituriyentlər isə birinci yarımil üzrə qiymətlərini və
sonuncu kursda təhsil aldıqlarına dair arayış təqdim
etməlidirlər”.

