Donald Tramp Kuba ilə bağlı fövqəladə səlahiyyətlərin müddətini bir il uzatdı

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubaya istiqamət götürən həm ABŞ,
həm də xarici gəmilərin səlahiyyətli orqanlar tərəfindən
saxlanılması və yoxlanılmasına icazə verən fərmanın müddətinin daha
bir il uzadılması barədə qərar qəbul edib.

Trend xəbər verir
ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan
Federal Reyestrdə dərc olunub.

Sənəddə xüsusi olaraq qeyd edilir ki, Kuba hökuməti adanın şimal
sahilləri yaxınlığında keçirilə biləcək xatirə tədbirləri və ya
dinc etiraz aksiyalarında iştirak etməsi ehtimal olunan ABŞ
gəmiləri və uçuş aparatlarına qarşı güc tətbiq etməyəcəyinə dair
heç bir zəmanət təqdim etməyib.




Eyni zamanda vurğulanır ki, ABŞ-də qeydiyyatda olan hər hansı
bir gəminin Kubanın ərazi sularına icazəsiz daxil olması ABŞın
xarici siyasətinə ciddi zərər vura bilər. Belə addımlar Kubadan
kütləvi miqrasiya axınını stimullaşdırmaq potensialına
malikdir.

ABŞ Prezidenti bəyan edib ki, məhz bu səbəbdən Kuba ilə bağlı
fövqəladə vəziyyət rejiminin və adaya yönələn gəmilərin
saxlanılmasına imkan verən fövqəladə səlahiyyətlərin qüvvədə olma
müddəti uzadılır.