
Bakı. Trend:
2025-ci ildə Səngəçal terminalı vasitəsilə Azərbaycanın
“Şahdəniz” yatağından gündəlik orta hesabla təxminən 74,4 milyon
standart kubmetr qaz (təxminən 2,628 milyard standart kub fut)
ixrac olunub.
Trend bp-yə
istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 76 milyon
standart kubmetrlə müqayisədə illik ifadədə 2,1 faiz azalma
deməkdir.
Qaz Cənubi Qafqaz Boru Kəməri (SCP), o cümlədən SCP-nin
genişləndirmə sistemi, həmçinin terminalın qaz emalı güclərini
“Azəriqaz”ın milli şəbəkəsi ilə birləşdirən Azərbaycan boru
kəmərləri vasitəsilə ixrac olunur.
2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz”
yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri ilə
Səngəçal terminalına nəql olunmağa davam edib.
Terminal sistemlərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon
barel neft və kondensat, həmçinin “Şahdəniz” üzrə təxminən 81
milyon standart kubmetr qaz təşkil edir. Qaz üzrə ümumi ötürmə
qabiliyyəti isə, o cümlədən “Azəri-Çıraq-Günəşli”dən (AÇG) hasil
olunan səmt qazı da nəzərə alınmaqla, günə təxminən 100 milyon
standart kubmetrə çatır.

