
Bakı. Trend:
Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı
ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə
görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində
müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan
liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd
olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra
cəhdlərlə bağlı narahatlığını ifadə edir.
Trend xəbər verir ki, bununla
bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel
Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə
qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə
də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını
hiddətlə qarşılayırıq.
Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla,
hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?
Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il
parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin
sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir.
Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa
töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz
dədə-baba yurdlarından deportasiya olunmasını, qəbristanlıqların,
məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları
çıxarmalıdır”.

