Prokurorluq adından dələduzluq edən şəxs tutuldu

Baş səhifə

Bakı.Trend:

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş
şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı
kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu
ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl
gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq
istintaq aparılır.

İstintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə
saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının
əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə
edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra
məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində
araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin
yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə
onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və
prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı
şübhələr müəyyən edilib”.




Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Vasif Haqverdiyev
təkrar dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə
ittiham olunaraq məhkəmə qərarı ilə həbs edilib.

“Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və
310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə
ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”,- deyə
prokurorluğun Mətbuat Xidmətindən əlavə edilib.