Mədəniyyət hüququn formalaşmasında mühüm rol oynayır – Adil Kərimli

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan mədəniyyəti təkcə Azərbaycan vətəndaşlarının
deyil, bütövlükdə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının
hüquqlarının, maraqlarının və mənəvi dəyərlərinin qorunmasına
xidmət edir.

Trend xəbər
verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli bu gün Bakıda
keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı
deyib.

Nazir bildirib ki, mədəniyyətin insanların həyat tərzinə
çevrilməsi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olması mühüm
əhəmiyyət daşıyır:




“Bu baxımdan mədəniyyətin bir neçə əsas sahəsi müəyyən edilib:
davranış mədəniyyəti, bilik mədəniyyəti, incəsənət, mədəni irs və
digər istiqamətlər. Bu sahələr üzrə Azərbaycan Respublikasının
mədəniyyət siyasətinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə
tutulur və bütün dövlət qurumları cəmiyyətin bu istiqamətdə
inkişafına töhfə verməlidir”.

A.Kərimli vurğulayıb ki, mədəniyyət və hüquq arasında qarşılıqlı
əlaqə xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət sosial fenomen kimi
çıxış edir və hüququn formalaşmasında mühüm rol oynayır:

“Milli qanunvericiliyin effektivliyi onun Azərbaycan mədəniyyət
dəyərlərinə nə dərəcədə uyğunlaşdırılmasından birbaşa asılıdır.
Hüquqi aktların xarici təcrübə əsasında hazırlanması mümkündür,
lakin onların işlək olması üçün milli-mədəni əsaslara söykənməsi
vacibdir. Texnologiyanın, o cümlədən süni intellektin inkişafı
hüquq sahəsində yeni imkanlar yaratsa da, hüquqşünas fəaliyyəti
mahiyyət etibarilə yaradıcılıq tələb edir. Hüquq canlı bir
mexanizmdir və yalnız formal sənəd kimi deyil, cəmiyyətin sosial və
mədəni xüsusiyyətlərini əks etdirən sistem kimi işləməlidir”.