
Bakı. Trend:
Türkiyənin 19 vilayətində onlayn cinayətlərlə, o cümlədən
qanunsuz mərc oyunlarının təşviqi, onlayn dələduzluq ilə məşğul
olan dəstələrə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend bu barədə
Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın “X” səhifəsinə
istinadən xəbər verir.
Əməliyyat-axtarış tədbirləri Adana, Adıyaman, Aydın, Bolu,
Çanaqqala, Denizli, Düzcə, Qaziantep, Giresun, Gümüşhane, İstanbul,
İzmir, Kayseri, Kırşehir, Kocaeli, Mardin, Sakarya, Samsun və Van
vilayətlərində keçirilib.
Nazirin bildirdiyinə görə, əməliyyatların gedişində 200 nəfər
şübhəli şəxs qismində saxlanılıb, onlardan 65-i barəsində həbs
qərarı verilib, 48-i yazılı iltizamnamənin alınmasından sonra şərti
olaraq sərbəst buraxılıb.
Müəyyən edilib ki, şübhəlilər sosial media platformaları və
fişinq (phishing) saytları vasitəsilə “tapşırıq yerinə yetir,
qazanc əldə et” və “məhsul satışı” mövzularından istifadə edərək
vətəndaşları aldadıblar; mobil bankçılıq və oyun hesablarına
icazəsiz giriş əldə ediblər; qanunsuz mərc və qumar oynadıblar;
qanunsuz mərc saytlarında pul köçürülməsinə vasitəçilik edib
onların reklamını aparıblar; uşaq pornoqrafik materialları
saxlayıblar; POS vasitəsilə sələmçilik fəaliyyəti ilə məşğul
olublar; şəxsi məlumatların paylaşılması və sorğulanması ilə bağlı
paylaşımlar ediblər.

