Azərbaycanda kapital bazarının dərinliyini artırmaq üçün islahatlara ehtiyac var.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Kapital Bazarları Assosiasiyası” (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bildirib.
“Kapital bazarının dərinliyini artırmaq borclanma faizindən də asılıdır. Bizdə bu faizlər çox yüksəkdir və Çünki maliyyə təşkilatları risklərin idarə olunması üçün ən effektiv hesab elədikləri, itirilmə riskini nəzərə aldıqları faizlər tətbiq edirlər. Əgər gələcəkdə bu riskləri idarə eləmək daha da asanlaşarsa, o zaman biz faizlərin aşağı düşmə tendensiyasını görə bilərik. Əlbəttə ki, bu da dərinliyi artıracaq”, – deyə o qeyd edib.
Sədrin sözlərinə görə, hal-hazırda Azərbaycanın kapital bazarlarıa genişlənmə mərhələsindədir: “Bizdə infrastrukturun qurulmasına, qanunvericilik bazasının hazırlanmasına, yəni təcrübələrdən formalaşmış ilkin infrastrukturu yaratmağa kifayət qədər çox vaxt gedib. Amma mənə elə gəlir ki, artıq, bu infrastrukturun istifadəsi, ondan faydalanma və kapital bazarlarının genişlənmə mərhələsindəyik”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

