Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi
səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri
Əli bin Saleh Al Salehlə görüşüb.

Bu barədə Trend
parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib.

Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin
Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında
münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını
ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə
maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası
əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli
qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan
parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin
münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr
aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi
dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər
ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük
potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət
arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata
keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını
ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və
Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar
çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu
təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə
olunub.

Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq
məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və
Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq
əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində
həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da
dərinləşməsinə töhfə verib.
Spiker Sahibə Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki
görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında
iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn
Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və
parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında
təmsil olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.