Bakı. Trend:
Yeni Zelandiyanın Şimal Adasının şimal-şərq sahilində baş verən
torpaq sürüşməsi nəticəsində ən azı iki nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson X sosial
şəbəkəsində paylaşım edib.
Lakson Plenti körfəzində baş verən sürüşmə zamanı iki yaxınını
itirən ailəyə başsağlığı verərək, “Düşüncələrimiz sizinlədir”, –
deyə bildirib.
Yanvarın 22-də baş verən hadisədən sonra sürüşmə zonasına düşən
Mount Maunganui İstirahət Parkında axtarış-xilasetmə əməliyyatları
davam edir. İlkin ehtimallara görə, iki uşaq da daxil olmaqla
altı-doqquz nəfər torpaq və dağıntılar altında qala bilər.
Bildirilib ki, xilasedicilərin işi çətin nəqliyyat şəraiti ilə
mürəkkəbləşir. Sürüşmə nəticəsində ərazidəki yolların əksəriyyəti
bağlanıb və kommunal xidmətlər indiyədək təcili yardım maşınlarının
hərəkəti üçün yalnız bir zolağı açmağa nail olublar.

