Dəniz yosunları sürətlə çoxalır, ekosistem dəyişə bilər – Alimlərdən xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Alimlər dünya okeanlarında nəhəng dəniz yosunlarının sürətli
artımının ciddi ekoloji dəyişikliklərə səbəb ola biləcəyi barədə
xəbərdarlıq ediblər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu proses qlobal istiləşmə, kənd
təsərrüfatı axınları və çirklənmə nəticəsində suların həddindən
artıq zənginləşməsi ilə əlaqələndirilir.

Cənubi Florida Universitetinin tədqiqatına görə, son 20 ildə
tropik Atlantik və qərbi Sakit okeanda dəniz yosunlarının
çiçəklənməsi hər il orta hesabla 13,4 faiz artıb. Xüsusilə 2008-ci
ildən sonra artım kəskinləşib.




Alimlər bildirirlər ki, bu tendensiya okean sularının işıq
rejimini dəyişdirə, ekosistem tarazlığını poza və iqlim
proseslərini sürətləndirə bilər. Tədqiqat süni intellekt vasitəsilə
2003–2022-ci illərə aid 1,2 milyon peyk görüntüsünün analizi
əsasında aparılıb.

Mütəxəssislər son onillikdə yosunların həm makro, həm də mikro
səviyyədə ən yüksək artım mərhələsinə daxil olduğunu və bunun
okeanların sürətlə istiləşməsi ilə üst-üstə düşdüyünü
vurğulayırlar.