
Bakı. Trend:
Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən
gecə çoxlu sayda yerli sakin və xarici qonaq Yeni il
atəşfəşanlığını izləmək üçün Bakının mərkəzinə toplaşıb.
Trend xəbər verir ki, bayram
gecəsi atəşfəşanlıq şəhərdə xüsusi bayram ab-havası yaradıb. Bu
qədər insanın bir araya gəldiyi tədbirlərdən sonra parkların,
meydanların və küçələrin çirklənməsi isə adi və gözlənilən
haldır.
Lakin buna baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz
və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib.
İnsanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri
operativ və səmərəli şəkildə fəaliyyət göstərib. Yanvarın 1-i səhər
saat 06:00-a qədər artıq şəhərin küçələri, parkları və meydanları
tam təmizlənib. Bu nəticə gücləndirilmiş rejimdə çalışan kommunal
xidmət əməkdaşlarının böyük zəhmətinin göstəricisidir.
Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat
işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı
Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat
və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan
əlavə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində
paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il
gücləndirilir.
Şəhər sakinlərinin və qonaqların bayramı təhlükəsiz və rahat
şəkildə qeyd etməsi, ardınca isə Bakının qısa müddətdə əvvəlki
səliqəli vəziyyətinə qayıtması paytaxtın müasir və davamlı inkişaf
edən şəhər olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox
paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə
kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə
qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York
şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha
acınacaqlı idi. Vyetnam paytaxtı Hanoy şəhərində də bayram sonrası
situasiya heç də urəkaçan deyildi. Bakı isə bu fonda təmizlik və
nizam-intizam nümunəsi kimi seçildi.

