
Bakı. Trend:
Azərbaycan xüsusilə də Qarabağda geotermal ehtiyatlara malikdir
və borular üçün xüsusi örtükdən istifadə geotermal quyuların
qazılması prosesinin səmərəliliyini artırır.
Trend xəbər verir
ki, bunu neft-qaz sahəsi üçün avadanlıqların və texnologiyaların
istehsalı üzrə aparıcı beynəlxalq korporasiyalarından biri
“National Oilwell Varco”un (NOV) Azərbaycan bölməsi olan “NOV
Azerbaijan LLC”nin direktoru/baş meneceri Cerard T.Dennehi Bakıda
keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference”
adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, dərin və yüksəktemperaturlu quyular üçün
boruların xüsusi örtük vasitəsilə termoizolyasiya texnologiyası
tövsiyə olunur və bu geotermal layihələrdə qazmanın səmərəliliyini
artırır.
“Hesab edirəm ki, Azərbaycanın, xüsusilə Qarabağın istifadə
oluna biləcək böyük ehtiyatları var. Borular üçün xüsusi örtük
tətbiq etməklə geotermal quyuların qazılmasında xeyli üstünlüklər
əldə etmək mümkündür”, – deyə o qeyd edib.
O xatırladıb ki, “Tuboscope” bölməsi tərəfindən təxminən 25 il
əvvəl hazırlanmış “TK-liner” sistemi geniş tətbiq olunur və bu günə
qədər təxminən 70 milyon fut boru bu cür laynerlərlə təchiz
edilib.
Baş menecer həmçinin “TK-Ring”in əhəmiyyətini vurğulayaraq
bildirib ki, bu həll axının maneəsiz hərəkətini və alətlərin quyuya
düşürülməsi prosesinin təhlükəsizliyini təmin edir.

