Bakı . Trend:
Pakistan-Əfqanıstan arasında atəşkəs yenidən pozulub. Çəmən
sərhəd-nəzarət buraxılışı yaxınlığında tərəflər arasında
artilleriya vasitələrindən istifadə ilə toqquşmalar var verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Dawn” nəşrinin yazdığına görə, atəşkəsi ilk pozan əfqan
hərbçiləri olub, belə ki, onlar Pakistan ərazilərini minaatanlardan
atəşə tutublar. Qarşı tərəfin – Əfqanıstan hökumətinin rəsmisi
Zabihulla Mücahid isə əfqan hərbçilərin ölkənin Qəndahar əyalətinin
Spin-Boldağ dairəsinə hədəflənmiş zərbələrə cavab verdiklərini
bildirib.
Nəşrin mənbəsinə görə, silahlı toqquşma yerli vaxtla 22:00-da
başlayıb və səhər saatlarına kimi davam edib. Pakistan tərəfdən
xəstəxanaya 3 yaralı daxil olub. Ölən yoxdur.
Xatırladaq ki, oktyabr ayında iki ölkə arasında yaşanan silahlı
münaqişədən sonra elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə
tərəflər barışıq və atəşkəs haqda razılığa gəlmişdilər.

