Bakı. Trend:
Hazırda İranda su anbarları yağıntıların azlığına görə böhranlı
vəziyyətdədir.
Trend-in
məlumatına görə, bunu İranın Su və Kanalizasiya Şirkətinin icra
direktoru Haşem Əmini bu gün (2 dekabr) Tehranda Suyun
Keyfiyyətinin İdarəolunması Konfransında deyib.
Onun sözlərinə görə, İran artıq 6-cı ildir ki, quraqlıq
şəraitindədir. Ötən 7 gün ərzində ölkədə yağıntılar 99,3%,
uzunmüddətli dövrdə isə 88% azalıb.
Əmini deyib ki, ölkənin 62 min su anbarına su daxilolması ciddi
şəkildə azalıb və ötən 57 ildə ən az yağıntı anti-rekordu qeydə
alınıb. Ölkənin əsas su anbarları, o cümlədən Əmir-Kəbir, Lar,
Zayənderud, Dusti acınacaqlı vəziyyətdədir. Yağıntıların azalması
ölkənin strateji su ehtiyatlarını ciddi şəkildə hədələyir.
Qeyd edək ki, 23 sentyabr-29 noyabr aralığında İranın su
anbarlarına daxil olan suyun həcmi 2,33 milyard kubmetr təşkil
edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 38% azdır.
Qeyd olunan müddətdə İranın su anbarlarının su ehtiyatı 16,7
milyard kubmetr təşkil edib.

