
Bakı. Trend:
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev
barəsində məhkəmə qərarından sonra Əli Kərimli təlaş içindəydi.
Bugün məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının
sədri Əli Kərimlinin evində axtarış aparılıb. Bu da əbəs yerə
deyil. AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də
istintaq olunan cinayət işi ilə əlaqədardır. Əli Kərimli Ramiz
Mehdiyevlə özünü əks qütblərdə göstərsə də elə deyil. Müəyyən
edilmiş sənədlərlə sübutlardan məlum olur ki, “Boz kardinal” ın
dövlət çevrilişi məqsədilə yaratdığı “Dövlət Şurası”nın tərkibində
Əli Kərimli də yer alır. Əli Kərimli Ramiz Mehdiyevin köməkçisi
olan Eldar Əmirovla gizli görüşlər keçirib və məxfi məlumatlar
mübadiləsi həyata keçirib. Lakin görünən odur ki, “Boz Kardinal”la
Əli Kərimlinin qurduğu məkirli planlar “suya düşüb”.
Ramiz Mehdiyevin həbs olunması ilə növbənin ona da çatacağından
qorxuya düşüb.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov
bildirib ki, regionda gedən geosiyasi proseslər, xüsusilə də
Rusiya–Ukrayna müharibəsinin nəticələri Cənubi Qafqazda
təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər.
“Müharibədən sonrakı dövrdə böyük güclərin təsir dairələrini
yenidən qurmağa çalışacağı ehtimalı bu məsələnin aktuallığını daha
da artırır. Belə şəraitdə Azərbaycan üçün daxili siyasi sabitlik,
milli maraqlara uyğun fəaliyyət və potensial xarici təsirlərə qarşı
dayanıqlılıq xüsusi əhəmiyyət daşıyır.”
T. İsmayılov vurğulayıb ki, cəmiyyət daxilində müxtəlif siyasi
qrupların fəaliyyətinin regional proseslərdən təsirlənə biləcəyi də
nəzərə alınmalıdır:
“Bu kontekstdə hər hansı siyasi qüvvənin kənar təsirlərə açıq
olması ehtimalı, radikallaşma riski və milli təhlükəsizliklə
ziddiyyət təşkil edəcək davranışlar diqqətlə qiymətləndirilməli
faktorlardır. Dövlətin bu kimi riskləri vaxtında dəyərləndirməsi və
preventiv addımlar atması isə ümumi təhlükəsizlik sisteminin
ayrılmaz hissəsidir.
Bu dairələr sistemli şəkildə dövlətçiliyə qarşı mövqe tutmaqla
fərqlənir. Xüsusilə AXCP uzun illərdir destruktiv xətti ilə
tanınır. Onların çıxışları cəmiyyətdə sağlam siyasi rəqabət deyil,
qarşıdurma yaratmağa xidmət edir. AXCP üçün əsas məqsəd heç vaxt
milli maraqlar olmayıb”.
Siyasi şərhçi bildirib ki, bu təşkilat daha çox gərginlik
üzərindən siyasi mövcudluğunu qorumağa çalışır:
“Radikal ritorika ilə kütləni çaşdırmaq əsas taktika kimi
istifadə olunur. Davamlı şəkildə dövlət institutlarına qarşı
etimadın sarsıdılması hədəflənir. Bu isə birbaşa daxili sabitliyin
pozulmasına hesablanıb. Cəmiyyətin həssas nöqtələrindən
manipulyativ şəkildə istifadə edilir. AXCP-nin siyasi davranışları
məsuliyyətli müxalifət meyarlarına uyğun gəlmir. Onların fəaliyyəti
daha çox xaos və güvənsizlik yaratmağa köklənir. Belə yanaşmalar
artıq sırf siyasi yox, təhlükəsizlik məsələsi kimi
qiymətləndirilməlidir. Radikal müxalifətin vaxtında
neytrallaşdırılması dövlətin sabitliyi üçün strateji əhəmiyyət
daşıyır.”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov
isə bildirib ki, Rusiyanın Ukrayna müharibəsindən sonra bir sıra
regionlarda, o cümlədən Cənubi Qafqazda mövqeləri ciddi şəkildə
zəifləyib.
“Amma bu dövrdə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar
yaradıb. Tarixi ədalətin bərpası, Cənubi Qafqazda beynəlxalq hüquq
prinsiplərinin qüvvəyə minməsi, eyni zamanda sülhün və əməkdaşlığın
güclənməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqlardır.
Rusiyanın Ukrayna ilə müharibəni bitirdikdən sonra müharibə səbəbi
ilə zəiflədiyi regionlarda yenidən güclənmək niyyəti
gözləniləndir.
Biz bilirik ki, Rusiya daim imperialist siyasət yürütməkdə
niyyətli olub. Rusiya Ukrayna müharibəsinə görə hazırda Cənubi
Qafqazda və bir sıra digər regionlarda bu siyasəti əvvəlki
səviyyədə həyata keçirə bilmir. İmperialist siyasətini əsasən
yerlərdə öz emissarları, ‘beşinci kolon’ adlandırılan qüvvələr və
təsir agentləri vasitəsilə həyata keçirib. Azərbaycanın Cənubi
Qafqazda aparıcı dövlət olduğunu nəzərə alsaq, Rusiyanın regionda
mövqeyini yenidən möhkəmləndirmək üçün Azərbaycana münasibətdə də
imperialist siyasəti davam etdirəcəyi gözləniləndir,” – deyə o
bildirib.
“Son illər baş verən proseslər, o cümlədən uzun müddət
Azərbaycanda yüksək vəzifələrdə təmsil olunmuş Ramiz Mehdiyevlə
bağlı yayılan məlumatlar, barəsində cinayət işinin başlanması və
bir sıra ağır maddələrlə bağlı araşdırmaların aparılması cəmiyyətin
diqqət mərkəzindədir. Araşdırmalar davam etdiyindən həmin şəxslərin
dəqiq dairəsi hələlik məlum deyil. Mətbuatda onun məktubu ilə bağlı
məlumatlar dərc olunub və həmin məktubda ‘Dövlət Şurası’ adlı
qurumun yaradılması ilə bağlı iddialar yer alıb. Həmin şurada
təmsil olunacaq şəxslərin də onun tərəfindən müəyyən edilmiş
şəxslər olduğu ehtimal olunur. Bütün bunlar onu göstərir ki,
hazırda çox ciddi proseslər gedir. Azərbaycan Respublikasının
müvafiq qurumları tərəfindən genişmiqyaslı araşdırmalar aparılır və
artıq müəyyən addımlar atılıb. Bu barədə mətbuatda yayılan
məlumatlar təkzib olunmayıb,” – deyə X.Bəşirov əlavə edib.
“Bu baxımdan düşünürəm ki, Rusiya gələcəkdə regionda mövqelərini
möhkəmləndirmək üçün məhz bu cür emissarlardan istifadə etməyə
çalışacaq. Əgər Ramiz Mehdiyev barəsində səsləndirilən iddialar
təsdiqlənərsə, bu halda Rusiyanın həmin şəxslərdən, o cümlədən onun
yaxın ətrafından təsir aləti kimi istifadə etdiyi qənaətinə gəlmək
mümkündür. Lakin Azərbaycan dövləti bu məsələdə də ayıq-sayıq
davranıb və vaxtında adekvat addımlar atıb,” – deyə o qeyd
edib.
Xəyal Bəşirov hesab edir ki, müxalifət daxilində də Rusiyanın
maraqlarına xidmət edən qüvvələrin olması istisna deyil:
“Fikrimcə, uzun müddət çıxışlarında anti-Rusiya mövqeyi nümayiş
etdirən bəzi müxalif qüvvələrin pərdə arxasında Rusiyanın
maraqlarına xidmət etməsi ehtimalı da diqqətdən kənarda
qalmamalıdır. AXCP demokratiya, insan hüquqları və Azərbaycanın
Qərbə inteqrasiyası ilə bağlı bəyanatlar versə də, son vaxtlar
yayılan məlumatlar bu mövqelərin daha çox görüntü xarakteri
daşıdığını göstərir.”
“AXCP rəhbərliyi, partiya sədri Əli Kərimli və onun yaxın ətrafı
ilə bağlı axtarışların aparılması barədə məlumatlar yayılıb. Uzun
müddətdir Ramiz Mehdiyevlə bəzi şəxslər arasında əlaqələrin olması
ilə bağlı iddialar mövcud idi. Həm Ramiz Mehdiyev, həm də Əli
Kərimli və ətrafındakı şəxslər tərəfindən bu iddiaları əsaslı
şəkildə təkzib edən sübutlar təqdim edilməyib. Yalnız ümumi
səciyyəli açıqlamalar verilib. Qeyd etmək lazımdır ki, AXCP
daxilində rəhbərliyə inanmış sadə vətəndaşlar da var və məsələ
partiyanın sıravi üzvlərindən çox, rəhbər strukturuna aiddir.
Hüquqi müstəvidə bütün bu məsələlər araşdırılacaq və kimin qanunsuz
fəaliyyətdə iştirak etdiyi müəyyən olunacaq”, – deyə o əlavə
edib.
Sonda Xəyal Bəşirov bildirib ki, Azərbaycan hüquqi dövlətdir və
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, hər kəs qanun
qarşısında bərabərdir. Keçmiş xidmətlər hüquqi məsuliyyətdən azad
etmir. Dövlətçiliyə, suverenliyə və xalqın mənafeyinə zidd
fəaliyyət göstərmiş hər kəs məsuliyyətə cəlb ediləcək və bu
istiqamətdə atılan addımlar Azərbaycanın milli təhlükəsizliyinə
xidmət edəcək.

