AİB Bakı – Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi layihəsini təqdim edib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Bakı–Böyük Kəsik dəmir yolu sahəsində
elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin
modernləşdirilməsi layihəsini təqdim edib.

Bu barədə Trend AİB-ə istinadən məlumat verir.

“Sözügedən dəmir yolu sahəsi Azərbaycanın şərq-qərb dəmir yolu
dəhlizinin əsas hissəsidir və “Azərbaycan Dəmir Yolları”nın əsas
ixrac-idxal və tranzit əməliyyatlarına xidmət göstərir.




Layihə elektrik təchizatı üzrə müasir infrastrukturun –
dayaqların, kontakt şəbəkəsinin, yarımstansiyaların və kabel
xətlərinin alınması və quraşdırılmasını, həmçinin stansiyalardakı
avadanlıqlar, bort elektron qurğuları, fiber-optik və simsiz rabitə
həlləri daxil olmaqla yeni siqnalizasiya və rabitə sistemlərinin
tətbiqini nəzərdə tutur”, – məlumatda bildirilir.

Qeyd olunur ki, təşəbbüs ölkənin şərq-qərb və şimal-cənub
dəhlizlərində dəmir yolu daşımalarının enerji səmərəliliyinin və
təhlükəsizliyinin artırılmasına yönəlib.

AİB-in açıqlamasına görə, layihənin əsas gözlənilən nəticəsi
xəttin müasir elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya
sistemləri ilə tam şəkildə təchiz olunmasıdır ki, bu da
Azərbaycanın regional nəqliyyat marşrutlarının mühüm halqası kimi
mövqeyini daha da gücləndirəcək.